Deri ve Zührevi hastalıklarPediatrik hastalıklarıVirus hastalıkları

Suçiçəyi nədir? Müalicəsi.

    Suçiçəyi xəstəliyinin törədiciləri – Varicellaherpes zoster Herpesviridae ailəsinə mənsub olan viruslardır. Bu ailə viruslarına xas olan bütün xüsusiyyətlərə malikdirlər. Yalnız insan orqanizmində yaşayaraq çoxalırlar. Latent infeksiya şəklində uzun müddət – illərlə orqanizmdə persistensiya edərək qala bilirlər. Suçiçəyi ilə xəstələr inkubasion dövrün axırıncı günündən başlayaraq {səpgilər meydana çıxmazdan əvvəl ki, 20-24 saat), səpgilər {axırıncı səpgi elementləri) meydana çıxdıqdan sonra 5 gün müddətində yoluxdurucu olurlar. Yoluxma yolu mütləq olaraq hava-damcı yoludur. Öskürmə, asqırma və danışıq zamanı külli miqdarda xaric olan viruslar uzaq məsafələrə (20 m daha artıq) asanlıqla yayılır və qonşu otaqlara, mərtəbələrə keçə bilirlər. Bəzi müəlliflər elə bir epidemioloji rolu olmasa da, virusların müxtəlif əşyalarla (oyuncaqlar və s.) ötürülə bilməsi ehtimalını qeyd edirlər.

   Hamiləlik zamanı suçiçəyi ilə xəstələnmiş analardan virusemiya vaxtı transplasentar yolla dölün yoluxması da mümkündür. Bu zaman doğulan körpələrdə anadangəlmə suçiçəyi sindromu deyilən pataloji pozğunluqlar müşahidə edilə bilər. Dəridə olan kobud, geniş çapıqlar hesabına ətraflarda hərəkətlərin məhdudlaşması, psixipozğunluqlar, görmə üzvünün anomaliyaları olur. Bu cür uşaqların bir qismi (24%) həyatının ilk günlərindəcə tələf olurlar. Suçiçəyinə həssaslıq xəstəliyi keçirməmiş bütün yaş qruplarında eyni dərəcədədir – yüksəkdir. Bununla belə xəstələnənlərin mütləq əksəriyyəti – 80%-i 7 yaşınadək uşaqların payına düşür. 15 yaşınadək isə bu 90%-ə çatır. Yaşlılar nadir hallarda xəstələnirlər. Bu onlarda uşaq yaşlarında immunitetin formalaşması ilə izah edilə bilər. Xəstəlik keçirmişlərdə ömür boyu xəstələnmədən qoruyan immunitet yaranır. Təkrar xəstələnmə demək olar ki, olmur. Anadangəlmə immunitet olduğuna görə körpələr doğulduqdan sonra bir neçə ay müddətində xəstəliyə yoluxmurlar. Suçiçəyi xəstəliyin yayılmasında mövsümülük mövcuddur. Əsasən payız-qış aylarında təsadüf edilir.

İnkişaf dövrü:

   İnkubasion dövr 10-21 günə bərabərdir. Xəstəlik adətən kəskin başlayır. Xəstələrdə, xüsusən böyüklərdə halsızlıq, baş ağrısı, iştahanın pisləşməsi, bəzən isə mədə bulanması, qusma kimi əlamətlərlə biruzə verən, 1-2 gün davam edən prodromal dövr ola bilər.

Prodromal dövr olmadıqda xəstəlik birdən-birə özünü sağlam hesab edən adamlarda səpgilər və qızdırma ilə meydana çıxır. Qızdırma böyüklərdə uşaqlara nisbətən yüksək və uzun müddətli olur. Suçiçəyi zamanı xarakterik temperatur əyrisi olmur. Səpgilərin dövri olaraq meydana çıxmasına baxmayaraq, dalğavari xarakter daşıya bilər. Belə ki, böyüklərdə səpgilərin meydana çıxması eyni vaxtda yox, 24-28 saatlıq fasilələrlə 3-5 dəfəyə baş verir. İlk səpgi elementləri bədənin istənilən nahiyyəsində – qarında, döş qəfəsində, çiyində, budda meydana çıxır. Üzdə, başın tüklü hissəsində və selikli qişalarda da müşahidə edilir. Suçiçəyində xəstələrin 20-30%-də dəri ilə yanaşı eyni vaxtda selikli qişalarda da səpgilər meydana çıxır.

Enanlema bərk damaqda, diş ətində, dildə, udlağın arxa divarında, bəzən isə qırtlaqda, konyuktivada qeyd edilir. Uşaqlarda, xüsusən qızlarda cinsiyyət üzvlərinin selikli qişasında da ola bilər. Suçiçəyi xəstəliyinin kliniki gedişi əsasən yüngül olur. İntoksikasiya əlamətləri özünü zəif  biruzə verir. Hərarətin yüksəlməsi elə də nəzərə çarpmır. Yeni səpgilərin əmələ gəlməsi ilə bəzən hərarətin qısa müddətli qalxması müşahidə edilir. Xəstəlik normal temperatur fonunda da keçə bilər. Qeyd etmək lazımdır ki, xəstəlik zamanı xüsusən böyüklərdə, limfa düyünlərinin böyüməsi də olur. Ağır formalarda hərarət 39°C və daha yuxarı olur və 3-6 gün davam edir.Xəstələrin bir qismində xəstəliyin 2-5-ci günlərində virus pnevmoniyası inkişaf edə bilər. Bu əsasən 2 yaşadək uşaqlarda və yaşlılarda qeyd edilir. Bir sıra hallarda daxili üzvlərin: qaraciyər, dalaq, mədə-bağırsağın, böyrəklərin, endokrin sistemin zədələnməsi ola bilər.

   Müalicəsi

Suçiçəyi zamanı bütün qızdırma dövrü xəstələr yataq rejimini gözləməlidirlər. Sudurcuqları anilin boyalarının suda məhlulları ilə – 1%-li metilin abısı, 1%-li brilyant abısı, 0,1%-li rivanol, 5%-li kalium-permanqanat və s. məhlullarla işləmək lazımdır. Əmələ gəlmiş qartmaqların tez qopması üçün onlara yağlı məlhəm və ya vazelin sürtülür. Aftoz stomatitlərdə və vulvovaginitlərdo 3%-li hidrogen-per-oksid və 0,05-0,1%-li rivanol növbələşdirərək işlədilir. İrinli ağırlaşmalar olarsa, antibiotiklər verilir. Kəskin intoksikasiyada isə 1:1 nisbətində olmaqla kolloid və kristalloid məhlulları ilə dezintoksikasiya aparılmalıdır. Qaşınmaları azaltmaq məqsədi ilə dəri qliserin, su qarışdırılmış sirkə, spritlə silinməlidir. Antihistamin preparatların verilməsi də göstərişdir. Bununla yanaşı uşaqların dırnaqlarını kəsilməlidir. Bakterial infeksiyanın inkişaf etməsinin qarşısını almaq üçün sabunla gündəlik təmizlik aparılmalıdır. Temperaturu yüksək olan uşaqlara qızdırma əleyhinə dərman vermək olar. Bu uşaqlara heç bir şəkildə aspirin verilməməlidir. Çünki, virus infeksiya keçirən uşaqlara aspirin verilsə, Rey sindromu ortaya çıxma ehtimalı çox yüksəkdir.

Rey sindromu qaraciyər yağlanması ilə bağlı olaraq inkişaf edən ciddi funksiya itkisidir. Ağız boşluğunun selikli qişası Kastellani məhlulu ilə silinir. Qızların cinsi üzvlərinin selikli qişasının zədələnməsi zamanı həmin sahələri tez-tez yumaq, hər gün kalium-permanqanat məhlulla (“marqantsovka”) su vannaları etmək, daha sonra isə cinsi dodaqlar arasına çaytikanı yağı və ya həkim tərəfindən məsləhət görülən digər dərman preparatı ilə isladılmış tənzif qoyulması lazımdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir