Quru dəri üçün maskalar
Quru dəri – solğun rəng, xırda məsamələr, qabıqlanma, dartılma hissi ilə özünü büruzə verir. Gənclik dövründə bu tip dəri nazik və zərif görünsə də ona düzgün qulluq edilmədikdə yaş artdıqca dərinin vəziyyəti proqressiv şəkildə pisləşir, erkən qırışlar müşahidə edilir. Dərinin quruluğu su və lipid mübadiləsi, piy və tər vəzilərinin fəaliyyətinin pozulması, zəif turşu reaksiyalı pH-la (turşu-qələvi balansı) xarakterizə olunur. Quru dərini mütəxəssisə müraciət etmədən sərbəst şəkildə müəyyən etmək mümkündür: dəriyə barmaqla təzyiq etdikdə izlər uzun müddət qalarsa, belə dəri tipi quru hesab olunur.Quru dəri üçün maskalar istifadə etməklə yaxşı nəticələr əldə edə bilərik.
Dəriyə qulluq
Quru həssas dəri qabıq verir və suya qarşı dözümsüzdür. Belə dərini isidilmiş saf bitki yağı ilə silib təmizləmək olar. Sonra yağı dəridən yumşaq kağız salfetlə təmizləmək lazımdır. Quru dəri üçün maskalar istifadə etməklə yaxşı nəticələr əldə edə bilərik. Başqa təmizləmə proseslərindən də istifadə etmək olar. Məsələn:
- Səhərlər üzü eyni miqdarda qarışdırılmış su və süd qarışığı ilə yumaq olar. Su otaq temperaturunda olmalıdır.
- Üzə bir qədər xama çəkin. Bu dərini yumşaldır və onun müqavimətini artırır. Sonra üzünüzü qaynadılıb otaq temperaturuna bərabər həddə qədər soyudulmuş su ilə yuyun.
- 1 yumurta sarısına 100 qram qaymaq, 1 çay qaşığı araq, 5-15 damcı limon şirəsi əlavə edin. İstifadədən qabaq qarışığı çalxalayın və sonra pambıq tamponla üzünüzü silin. Pambığı bir neçə dəfə dəyişmək məsləhətdir. Bu qarışıq dərini yaxşı təmizləyir, yumşaldır və ağardır.
- 2 xörək qaşığı «Herkules» yulafının üzərinə 1 litr qaynar su töküb bir az saxlayın, soyuduqdan sonra cunadan süzün. Üzünüzü bu qarışıqla silin.
- 1 çay qaşığı nişastanı 1 litr suda dəmləyib bu qarışıqla yuyunmaq da quru dəriyə yaxşı təsir edir.
- Həftədə bir dəfə üzünüzü qaynanmış su ilə yuyun. Bunu etməzdən əvvəl isə üzünüzə 1 yumurta sarısı və 1 xörək qaşığı saf bitki yağının qarışığını çəkin. Qarışığı nəm dəriyə nəm barmaqla dairəvi hərəkətlərlə çəkmək lazımdır. Əmələ gələn köpüyü qaynanmış sərin su ilə yuyun.
Dərinin yumşaldılması
Səhər üzünüzü təmizlədikdən sonra quru dəri üçün nəzərdə tutulan krem çəkin. Bu dərini yumşaldır, onu elastik və xarici mühitə qarşı davamlı edir. Nazik qatla çəkilmiş kremi 10-20 dəqiqədən sonra kağız salfetlə təmizləyin. Kremin üzərindən isti suda qızdırılmış qaşığın arxa tərəfi ilə üzü masaj etmək olar. Ancaq qaşıq çox isti olmamalıdır. Bu masajı boyun və sinədə də etmək lazımdır. Alında masajı daha fəal etmək məsləhətdir.
Dərinin qorunması
Bu proses fəsildən və havadan asılı olaraq həyata keçirilir. Əgər dərinizdə çil, piqment ləkələri, genişlənmiş qan damarları kimi qüsurlar varsa, günəşli gündə küçəyə çıxarkən üzünüzə qoruyucu krem, bunun üstündən isə kirşan çəkin. Əgər belə qüsurlardan uzaqsınızsa, dekorativ ənliyi qidalandırıcı kremin üzərindən çəkmək lazımdır. Adi ənlik əvəzinə duru krem-ənlikdən istifadə etmək daha yaxşı olardı. Sonuncu dəriyə yaxşı hopur, uzun müddət qalır, yayılmır və dəriyə parlaqlıq və elastik görünüş verir. Küləkli və həmçinin çox soyuq havalarda da dəriyə mütləq nazik qatla qoruyucu krem çəkmək lazımdır. Quru dəri üçün maskalar istifadə etməklə yaxşı nəticələr əldə edə bilərik.Bundan sonra isə adi qaydada ənlikdən istifadə edin. Dərinin qorunması üçün dekorativ kosmetikadan da yararlanmaq mümkündür. Ancaq unutmayın ki, quru dəri makiyaja qarşı həssasdır. Buna görə də dekorativ vasitələrdən ancaq dərini yumşaltdıqdan sonra və çox ehtiyatla istifadə etmək lazımdır. Kosmetikadan həddən artıq istifadə etmək ağır dəri xəstəliklərinin yaranmasına gətirib çıxara bilər.
Qidalandırıcı maskalar
- 1 xörək qaşığı bal, 2 xörək qaşığı bitki yağı və 2 yumurta sarısını yaxşıca qarışdırın.
- Alınan maskanı azca qızdırdıqdan sonra hər 5 dəqiqədən bir olmaqla bir neçə dəfə üzünüzə çəkin. Sonra cökə ağacı çiçəyindən hazırlanmış dəmləmə və ya adi qaynanmış ilıq suda isladılmış tamponla silin.
- 1 xörək qaşığı yağlı kəsmik və 1 xörək qaşığı yağlı qaymağı yaxşı-yaxşı qarışdırdıqdan sonra dərinizə sürtüb 20 dəqiqə saxlayın.
- Zeytun, çaytikanı, badam və ya ərik yağını azca qızdırın. Üzərində gözlər üçün dəliklər açılmış tənzif salfeti yağın içərisində yaxşıca islatdıqdan sonra onu 10 dəqiqə müddətinə üzünüzə qoyun. Bu maskadan sonra dəriyə krem çəkilmir.
- Əriyin yumşaq ətli hissəsini qatı qarışıq alınana qədər yağlı xama ilə qarışdırın, üzünüzə çəkin və 15 dəqiqə saxlayın.
- Suda bişirilmiş kartofu süd və yumurta sarısı ilə qarışdırın. Maskanı üzünüzə çəkib 15-20 dəqiqə saxlayın.
- Kiçik bir dilim balqabaq kəsin, daxilindəki tumları xaric edərək qabığını da soyun. Sonra onu kub şəklində doğrayaraq 15 dəqiqə ərzində vam odda bişirin. Daha sonra üzərinə 1 xörək qaşığı nişasta və 2 çay qaşığı zeytun yağı əlavə edərək yaxşı-yaxşı qarışdırın və üzünüzə çəkin. 15-20 dəqiqə keçdikdən sonra üzünüzü yuyun.
Nəmləndirici maskalar
- 2 xörək qaşığı yulaf yarmasını (“herkules”) qatı tərkib alınana qədər süddə bişirin. Soyutduqdan sonra 1 çay qaşığı bal əlavə edərək qarışdırın. Maskanı üzün dərisinə ilıq şəkildə çəkin və 20 dəqiqə saxlayın.
- Bir neçə moruq, çiyələk və 1 əriyi yaxşı-yaxşı əzdikdən sonra onun üzərinə 1 çay qaşığı sürtgəcdən keçirilmiş kələm və 1 çay qaşığı qaymaq əlavə edərək bir qədər qarışdırdıqdan sonra üzünüzə çəkin. 15 dəqiqə keçdikdən sonra üzünüzü yuyun.
- 1 çay qaşığı xamanı kiçik sürtgəcdən keçirilmiş 2 çay qaşığı çugundur və kələm və bir qədər bal ilə birlikdə qarışdırın. Maskanı üzünüzə çəkin və 20 dəqiqə saxlayın.
- 2 çay qaşığı yağlı kəsmiyi 1 çay qaşığı bal və 1 xörək qaşığı təzə çəkilmiş kök şirəsi ilə qarışdırın. Maskanı üzünüzə çəkin və 15 dəqiqə saxlayın.
Quru dəri üçün maskalar
- 1 yumurta sarısı, 1 çay qaşığı bal və 1 çay qaşığı günəbaxan yağını qarışdırın. Maskanı üzünüzdə 15-20 dəqiqə saxladıqdan sonra qaynanmış ilıq su və yaxud da eyni miqdarda qarışdırılmış su və süd qarışığı ilə yuyun. Maskaya 10-15 damcı limon şirəsi də əlavə etmək olar.
- 30 qram bitki yağını qızdırın. Nazik pambıq qatını yağa batırıb üzünüzə qoyun. Üzərinə perqament kağızı, bunun üstündən isə dəsmal örtün. 15-20 dəqiqədən sonra çıxardın və quru dəsmalla, yaxud pambıqla silin. Yağın boynunuza axmaması üçün bu hissələrə quru pambıq qatı qoymaq olar.
- Yumurta sarısını 1 çay qaşığı qaymaqla qarışdırın. Maskanı üzünüzə çəkin, 15-20 dəqiqədən sonra otaq temperaturuna bərabər həddə qədər soyudulmuş qaynanmış su ilə yuyun.
- 1 xörək qaşığı kəsmiyi əzib 1 xörək qaşığı xama və yarım çay qaşığı duzla möhkəm qarışdırın. Maskanı üzünüzdə 15-20 dəqiqə saxladıqdan sonra qaynanmış suda isladılmış pambıq tamponla silin.
- 20 qram mayanı 1 xörək qaşığı süd və 1 xörək qaşığı bitki yağı ilə qarışdırın. Maskanı üzdə 15-20 dəqiqə saxladıqdan sonra qaynanmış suda isladılmış pambıq tamponla silin. Nazik pambıq qatını 50-100 qram giləmeyvə (moruq, çiyələk), meyvə (gavalı, şaftalı, ərik), tərəvəz (pomidor, kələm, yerkökü) şirələrindən hər hansı birində isladıb 15-20 dəqiqəlik üzünüzə qoyun. Pambıq quruduqca onu yenidən isladın. Bundan sonra üzünüzü quru pambıqla silin.
- 2 ədəd təzə xiyarı kiçik gözlü sürtgəcdən keçirin. Şirəsini çıxarmadan üzünüzə çəkin və 20-25 dəqiqədən sonra otaq temperaturunda olan suda isladılmış pambıqla təmizləyin. Maskaya un da əlavə etmək olar. Əgər dəriniz çox həssasdırsa, onda xama əlavə edin. Ümumiyyətlə, meyvə və tərəvəz maskalarından əvvəl üzünüzü qaymaqla, yaxud duru xama ilə silmək məsləhətdir.
- 1 yumurta sarısının yarısını 15 qram günəbaxan yağı ilə qarışdırın. Əmələ gələn qarışığı 15-20 dəqiqəlik üzünüzə çəkin və suda isladılmış pambıqla təmizləyin.