Güzelliğin sırlarıKadın dünyasıKosmetika

Quru dəri, Səbəbləri, Müalicəsi

Quru dəri – solğun rəng, xırda məsamələr, qabıqlanma, dartılma hissi ilə özünü büruzə verir. Gənclik dövründə bu tip dəri nazik və zərif görünsə də ona düzgün qulluq edilmədikdə yaş artdıqca dərinin vəziyyəti proqressiv şəkildə pisləşir, erkən qırışlar müşahidə edilir. Dərinin quruluğu su və lipid mübadiləsi, piy və tər vəzilərinin fəaliyyətinin pozulması, zəif turşu reaksiyalı pH-la (turşu-qələvi balansı) xarakterizə olunur. Quru dərini mütəxəssisə müraciət etmədən sərbəst şəkildə müəyyən etmək mümkündür: dəriyə barmaqla təzyiq etdikdə izlər uzun müddət qalarsa, belə dəri tipi quru hesab olunur.

Yaşın artması, qidalanma tərkibi və sinir sisteminin vəziyyəti dərinin yağlılıq dərəcəsinin dəyişməsinə təsir edən əsas amillərdir. Normal yağ ifrazının pozulması dərinin vəziyyətinə mənfi təsir göstərir. Bu zaman dərinin elastikliyi azalır, qabıq və çatlar əmələ gəlir, günəş şüalarına, küləyə, yuxarı və aşağı temperaturlara qarşı həssaslığı artır, qıcıqlanır və qırmızı ləkələrlə örtülür.

Dərinin qurumasına mədə-bağırsaq funksiyasının pozulması, orqanizmə lazım olan vitaminlərin çatışmazlığı və hətta bəzi vacib elementlərin, ümumiyyətlə, mövcud olmaması, sinir sisteminin gərginliyi, daxili sekresiya vəzilərinin fəaliyyətinin dəyişməsi kimi amillər də səbəb ola bilər. Bir sıra xarici amillər — günəş, külək, dəniz suyu, isti soba yanında iş — dərinin quruluğunu artır. Bunun qarşısını almaq üçün dəriyə düzgün gigyenik qulluğun qaydalarını bilmək lazımdır. Məsələn, küçəyə çıxmazdan əvvəl yuyunmaq, tərkibində spirt olan kosmetik vasitələrdən, pudralardan, ağardıcı mazlardan istifadə etmək bu cür dəri üçün yolverilməzdir.

Suyun dəri üçün əhəmiyyəti

Dərinin normal fəaliyyəti və qənaətbəxş görünüşünün əsas şərtlərindən biri hidratasiyasının (nəmlik) normal səviyyədə olmasıdır. Hidratasiya dəri hüceyrələrinin qidalanması, onun turqor və tonusunu təmin edir. Dəri lazımi dərəcədə nəmləndirilmədikdə nazilir, quruyur və qırışır.

Dərinin nəmlik dərəcəsi epidermisin buynuz qatının vəziyyəti və dəri piyinin miqdarından asılıdır.   Epidermisin buynuz hüceyrələri – korneositlər və piy vəzilərinin ifraz etdiyi sebum dərini dehidratasiyadan (suyun itirilməsi) müdafiə edən lipid qatı formalaşdırır.

Bu müdafiə sistemi dərinin nəmliyini qorumaqla yanaşı, həm də dərinin hiperhəssaslığına səbəb olan xarici agentlərin orqanizmə daxil olmasının qarşısını alır. Lipid qatı düzgün formalaşmadıqda  dehidratasiya ilə bərabər dərinin baryer funksiyası da zəifləyir, o, toksin, allergen və patogen mikroblarla mübarizə apara bilmir. Nəticədə quru dəri erkən qocalmadan əlavə, iltihabi proseslər və immun reaksiyalara da məruz qalır.

Quru dərinin səbəbləri

Dərinin su balansının pozulması bir sıra səbəblərdən baş verə bilər. Orqanizmin individual xüsusiyyətləri və yaşla bağlı dəyişiklikləri, dəriyə qeyri-düzgün qulluq piy vəzilərinin funksiyasına təsir göstərir. Onların fəaliyyəti əsasən endokrin yolla tənzimlənir, bir sıra hallarda isə irsi amilin təsirindən asılı olur. Yaş artdıqca orqanizmdə gedən hormonal dəyişikliklər dəri piyinin ifrazını zəiflədir. Qadınların əksəriyyəti 40 yaşdan sonra dəri və selikli qişaların həddindən artıq qurumasından şikayət edirlər. Bu da ilk növbədə menopauza dövründə hormonal statusun dəyişməsi ilə bağlıdır.

Dərinin gözəllik, cavanlıq və sağlamlığının müəyyənedici amili orqanizmin su balansının səviyyəsidir. Qida ilə qəbul edilən mayenin miqdarının azlığı dərinin quruluğuna səbəb ola bilər. Kosmetoloqlar gün ərzində 2 litrə su içilməsini məsləhət görürlər, belə hallarda həm dərinin normal nəmlik səviyyəsi təmin olunur, həm də parçalanma məhsulları və toksinlər orqanizmdən çıxarırır.

Dərinin quruluğu, qabıqlanması və dartılma hissi erkən yaşlanmanın səbəbləri sayılır. Dərinin turqorunun azalması xırda qırışlara gətirib çıxarır. Dəri lazımi qaydada nəmləndirilmədikdə səthi qırışlar tez bir zamanda dərin şırımlarla əvəz olunur. Qırışlar ilk növbədə dərinin nazik olduğu sahələrdə – göz və ağız ətrafı nahiyədə, boyunda əmələ gəlir. Qeyri-qənaətbəxş iqlim amilləri (külək, aşağı rütubət, günəş şüaları, soyuq hava, temperatur dəyişikliyi) dərini daha da qurudaraq, nəmliyin itirilməsinə səbəb olur.

Quru dəri qeyri-rasional qidalanma, vitamin-mineral çatışmazlığı, sinir sisteminin xəstəlikləri, isti sexlərdə iş fəaliyyəti ilə əlaqədar ola bilər. Bu amillər dəridə zəncirvari dəyişikliklər baş verir.  Dərinin baryer funksiyasının zəifləməsi nəmliyin itirilməsinə, o da öz növbəsində mikrosirkulyasiya və toxumaların trofikasının pozulmasına gətirib çıxarır. Qan təhcizatının zəifləməsi nəticəsində kollagen lifləri zədələnir, dərinin elastikliyi zəifləyir. Dəriyə düzgün qulluq olunmadıqda bu pozulmalar daha da dərinləşir.

Kosmetika və qulluq vasitələrinin dərinin tipinə uyğun seçilməməsi quruluğa səbəb olur. Piy vəzilərinin hipofunksiyası zamanı üzün sabunla yuyulması, spirtli losyon, qabıqlandırıcı pilinq və skrab, dartıcı maskalardan istifadə qadağandır. Kosmetik prosedurlardan ferment pilinqinə üstünlük verilməlidir. Pilinqin bu növü müdafiə qatına zərif şəkildə təsir göstərir, quru dərini intensiv nəmləndirir.

Quru dəriyə qulluq prosesində qidalandırıcı, vitaminləşdirici, tonuslandırıcı krem və maskalar, spirtsiz toniklər, tərkibində kollagen və elastin olan kremlərdən istifadə olunmalıdır. Bu kosmetik vasitələr dərinin təbii müdafiəsini bərpa edir.

Quru dəri ilə mübarizənin vacib anı qidalanmanın korreksiyasıdır: rasionun A, E, C vitaminləri ilə zənginləşdirilməsi, alkoqoldan imtina.

Quru Dəri nəmləndirmə üsulları

Quru dəri ilk növbədə xarici mühitin aqressiv amillərindən qorunmalı və adekvat şəkildə nəmləndirilməlidir. Quru dərini nəmlədirən vasitələrin tərkibinə xüsusi maddə – humektantlar (hidratant) daxildir. Təsir mexanizminə görə humektantlar hiqroskopik və qat əmələ gətirici olur.

Qat əmələ gətirici humektantlara qliserin, mum, mineral yağlar aiddir. Onlar dəridə su keçirməyən qat yaratmaqla, suyun buxarlanmasının, nəmliyin itirlməsinin qarşısnı alırlar. Bu qrupa daxil olan hidratantlar arasında qliserin – təbii 3 atomlu spirt, 6 atomlu spirt sorbit, linolen və linol turşularını xüsusilə qeyd etmək lazımdır.

Mayeni saxlamaq xüsusiyyətinə görə qliserindən kosmetik vasitələrin hazırlanmasında geniş istifadə olunur. Yaxın keçmişdə amerikalı alimlər tərəfindən qliserinin daha bir xüsusiyyəti kəşf olunmuşdur – dərinin yeni hüceyrələrinin yetişmə prosesini stimulə etmək. Hüceyrələrin yenilənməsi nəmliyin normal səviyyəsini təmin edir və dərinin quruluğunu aradan qaldırır.

Quru dəriyə necə qulluq etməliyik?

Quru həssas dəri qabıq verir və suya qarşı dözümsüzdür. Belə dərini isidilmiş saf bitki yağı ilə silib təmizləmək olar. Sonra yağı dəridən yumşaq kağız salfetlə təmizləmək lazımdır. Başqa təmizləmə proseslərindən də istifadə etmək olar. Məsələn:

  • Səhərlər üzü eyni miqdarda qarışdırılmış su və süd qarışığı ilə yumaq olar. Su otaq temperaturunda olmalıdır.
  • Üzə bir qədər xama çəkin. Bu dərini yumşaldır və onun müqavimətini artırır. Sonra üzünüzü qaynadılıb otaq temperaturuna bərabər həddə qədər soyudulmuş su ilə yuyun.
  • 1 yumurta sarısına 100 qram qaymaq, 1 çay qaşığı araq, 5-15 damcı limon şirəsi əlavə edin. İstifadədən qabaq qarışığı çalxalayın və sonra pambıq tamponla üzünüzü silin. Pambığı bir neçə dəfə dəyişmək məsləhətdir. Bu qarışıq dərini yaxşı təmizləyir, yumşaldır və ağardır.
  • 2 xörək qaşığı «Qerkules» yulafının üzərinə 1 litr qaynar su töküb bir az saxlayın, soyuduqdan sonra cunadan süzün. Üzünüzü bu qarışıqla silin.
  • 1 çay qaşığı nişastanı 1 litr suda dəmləyib bu qarışıqla yuyunmaq da quru dəriyə yaxşı təsir edir.
  • Həftədə bir dəfə üzünüzü qaynanmış su ilə yuyun. Bunu etməzdən əvvəl isə üzünüzə 1 yumurta sarısı və 1 xörək qaşığı saf bitki yağının qarışığını çəkin. Qarışığı nəm dəriyə nəm barmaqla dairəvi hərəkətlərlə çəkmək lazımdır. Əmələ gələn köpüyü qaynanmış sərin su ilə yuyun.


Quru dəri yumşaldılması


Səhər üzünüzü təmizlədikdən sonra quru dəri üçün nəzərdə tutulan krem çəkin. Bu dərini yumşaldır, onu elastik və xarici mühitə qarşı davamlı edir. Nazik qatla çəkilmiş kremi 10-20 dəqiqədən sonra kağız salfetlə təmizləyin. Kremin üzərindən isti suda qızdırılmış qaşığın arxa tərəfi ilə üzü masaj etmək olar. Ancaq qaşıq çox isti olmamalıdır. Bu masajı boyun və sinədə də etmək lazımdır. Alında masajı daha fəal etmək məsləhətdir.

Dərinin qorunması


Bu proses fəsildən və havadan asılı olaraq həyata keçirilir. Əgər dərinizdə çil, piqment ləkələri, genişlənmiş qan damarları kimi qüsurlar varsa, günəşli gündə küçəyə çıxarkən üzünüzə qoruyucu krem, bunun üstündən isə kirşan çəkin. Əgər belə qüsurlardan uzaqsınızsa, dekorativ ənliyi qidalandırıcı kremin üzərindən çəkmək lazımdır. Adi ənlik əvəzinə duru krem-ənlikdən istifadə etmək daha yaxşı olardı. Sonuncu dəriyə yaxşı hopur, uzun müddət qalır, yayılmır və dəriyə parlaqlıq və elastik görünüş verir. Küləkli və həmçinin çox soyuq havalarda da dəriyə mütləq nazik qatla qoruyucu krem çəkmək lazımdır. Bundan sonra isə adi qaydada ənlikdən istifadə edin. Dərinin qorunması üçün dekorativ kosmetikadan da yararlanmaq mümkündür. Ancaq unutmayın ki, quru dəri makiyaja qarşı həssasdır. Buna görə də dekorativ vasitələrdən ancaq dərini yumşaltdıqdan sonra və çox ehtiyatla istifadə etmək lazımdır. Kosmetikadan həddən artıq istifadə etmək ağır dəri xəstəliklərinin yaranmasına gətirib çıxara bilər.

Dəridə olan quruluğu aradan qaldırmaq üçün maskalar üçün klikləyin.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir