Admin@tibbdunyam.az

Allopurinol 100 mq tablet istifadə təlimatı

Allopurinol tabletin tərkibi

Təsiredici maddə1 tabletin tərkibində quru maddəyə nəzərən 100 mq allopurinol vardır.

Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, qarğıdalı nişastası,

                                hipromelloza, maqnezium stearat.

Təsviri

Girdə formalı, ağ və ya demək olar ki, ağ rəngli yastı səthli, üzərində bölmə xətti olan tabletlər.

Allopurinol tabletin farmakoterapevtik qrupu

Podaqra zamanı istifadə olunan vasitələr. Sidik turşusunun əmələ gəlməsini ləngidən preparatlar.

ATC kodu: M04A A01

Allopurinol tabletin farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Allopurinol – orqanizmdə sidik turşusunun və onun duzlarının sintezini ləngidən podaqraəleyhinə preparatdır. Preparat spesifik olaraq hipoksantinin ksantinə, onun isə sidik turşusuna çevrilməsində iştirak edən ksantinoksidaza fermentini inaktivləşdirir. Bunun nəticəsində qan plazmasında uratların miqdarı azalır ki, bu da onun toxumalarda və böyrəklərdə çökməsinin qarşısını alır.

Allopurinol orqanizmdə oksipurinola (alloksantinə) çevrilir ki, bu da allopurinol kimi sidik turşusunun əmələ gəlməsini məhdudlaşdırır, lakin aktivliyinə görə allopurinoldan zəifdir.

Farmakokinetikası

Allopurinol daxilə qəbul olunduqdan sonra tez və tamamilə sorulur. Mədədə praktiki olaraq sorulmur, onun absorbsiyası 12-barmaq bağırsaqda və acı bağırsağın proksimal hissəsində baş verir. Onun metabolizmi nəticəsində əsas farmakoloji aktiv metaboliti – oksipurinol əmələ gəlir. Oksipurinolun maksimal konsentrasiyası preparatın qəbulundan 3-4 saat sonra meydana çıxır, onun əmələ gəlmə sürəti fərdi presistem metabolizmin vəziyyətindən asılıdır. Allopurinol və oksipurinol praktiki olaraq plazma zülalları ilə birləşmir. Qan plazmasından allopurinolun yarımxaricolma dövrü 40 dəqiqə, oksipurinolun – 17-21 saat təşkil edir. Allopurinol və oksipurinolun 80%-i böyrəklər, 20%-i bağırsaq vasitəsilə xaric olur. Böyrək çatışmazlığı zamanı oksipurinolun yarımxaricolma dövrü uzanır.

Allopurinol tabletin istifadəsinə göstərişlər:

Böyüklər üçün:

  • Hiperurikemiya (qan plazmasında sidik turşusunun səviyyəsi 500 mkmol/l (8,5 mq/100 ml) və daha çox olan və pəhrizlə tənzimlənməyən);
  • Qanda sidik turşusunun səviyyəsinin artması hesabına törənən xəstəliklər, xüsusilə podaqra, urat nefropatiyası və urat sidikdaşı xəstəliyi zamanı;
  • Müxtəlif etiologiyalı ikincili hiperurikemiya, o cümlədən psoriaz zamanı;
  • Müxtəlif hemoblastozlar (kəskin leykoz, xroniki mieloleykoz, limfosarkoma) zamanı birincili və ya ikincili hiperurikemiya;
  • Neoplastik və mieloproliferativ xəstəliklərin sitotoksik müalicəsi

Uşaqlar üçün:

  • Leykemiyanın müalicəsi nəticəsində urat nefropatiyası;
  • Müxtəlif etiologiyalı ikincili hiperurikemiya;
  • Anadangəlmə ferment çatışmazlığı, xüsusən də Leş-Nien sindromu (hipoksantin-quanin-fosforiboziltransferazanın tam və ya qismən çatışmazlığı) və adeninfosforibozil-transferazanın anadangəlmə çatışmazlığı.

Əks göstərişlər

  • Allopurinola və preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq;
  • Qaraciyərin və ya böyrəklərin ağır funksional pozğunluğu (kreatinin klirensinin 2 ml/dəq-dən az olması);
  • Kəskin podaqra tutması;
  • Qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı, qlükoza-qalaktoza malabsorbsiya sindromu.

Allopurinol tabletin hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə  Allopurinolun istifadəsi əks göstərişdir. Laktasiya dövründə stifadəsi vacib olan hallarda ana südü ilə qidalandırma dayandırılmalıdır.

Uşaqlarda istifadəsi:

3 yaşa qədər olan uşaqlara allopurinol tabletləri təyin edilmir.

Xüsusi göstərişlər

Sidik turşusunun səviyyəsi 500 mkmol/l-dən aşağı (8,5 mq/100 ml-ə uyğun gəlir) olan hallarda pəhriz haqqında məsləhətlərə əməl olunduqda və böyrəklərin ağır zədələnmələri olmadıqda preparatdan istifadə etmək məsləhət görülmür. Tərkibində purinlərin miqdarı çox olan məhsullardan (məsələn; böyrək, beyin, qaraciyər, ürək və dil; alkoqol, xüsusən pivə) istifadə olunmamalıdır. Allopurinolla müalicə zamanı diurezin həcmini ən azı 2 litr/gün səviyyəsində saxlamaq lazımdır. Bu zaman sidiyin reaksiyası neytral və ya zəif-qələvi olmalıdır, belə ki, bu, uratların presipitasiyasının və daşların əmələ gəlməsinin qarşısını alır. Bu məqsədlə allopurinolu sidiyi qələviləşdirən preparatlarla birgə istifadə etmək olar.

Hiperhəssaslığın dəri səpgisi və ya digər əlamətlərinin ilk təzahürü zamanı daha ciddi ağırlaşmaların (Stivens-Conson sindromu, toksik epidermal nekroliz də daxil olmaqla) inkişafının qarşısını almaq məqsədilə preparatın qəbulunu dərhal dayandırmaq lazımdır.

Allopurinolu aşağıdakı hallarda xüsusi ehtiyatla istifadə etmək lazımdır:

  • Qaraciyər və böyrəyin funksiyasının pozulması zamanı – həkimin daim nəzarəti lazımdır, allopurinolun dozasını azaltmaq məsləhətdir;
  • Hemopoezin erkən təyin edilmiş pozğunluqlarında;
  • AÇF-inhibitorları və/və ya diuretiklər qəbul edən arterial hipertenziyalı və ya ürək çatışmazlığı olan xəstələrdə yanaşı olaraq böyrəklərin mümkün funksional pozğunluqlarında;

Simptomsuz hiperurikemiya bir qayda olaraq allopurinolun istifadəsi üçün göstəriş hesab olunmur, belə ki, pəhrizə və adekvat maye qəbulu rejiminə əməl olunması kifayət edir.

Kəskin podaqra tutması: allopurinolla müalicəni onun tam aradan qaldırılmasına qədər davam etdirmək lazım deyildir, belə ki, növbəti tutmalara təkan verə bilər.

Digər urikozurik preparatlarla müalicədə olduğu kimi, allopurinolla müalicənin başlanğıcında çoxlu miqdarda sidik turşusunun mobilizasiyası ilə əlaqədar olaraq kəskin podaqra tutmaları mümkündür. Buna görə də, ilk 4 həftə ərzində profilaktika məqsədilə eyni zamanda qeyri-steroid iltihabəleyhi maddələr (aspirin və salisilatlardan başqa) və ya kolxisin də qəbul etmək lazımdır.

Əgər kəskin podaqra tutması artıq allopurinol qəbul edən xəstələrdə meydana çıxırsa, onda müalicə onun eyni dozası ilə davam etdirilməli və kəskin tutma isə müvafiq iltihabəleyhi vasitələrlə müalicə etmək lazımdır.

Adekvat müalicə zamanı böyrəklərdəki iri ölçülü urat daşlarının əriməsi, onların sidik axarlarına düşməsi (böyrək sancısı) və onun mənfəzini qapaması mümkündür.  

Neoplastik xəstəlikləri, Leş-Nien sindromu olan xəstələrdə hiperurikemiyanı aradan qaldırmaq üçün radioterapiyaya və ya kimyəvi terapiya başlayana qədər allopurinol təyin etmək lazımdır. Belə hallarda minimal effektiv dozadan istifadə məsləhət görülür. Ksantinlərin sidik yollarında çökməsi riskini minimuma endirmək üçün adekvat hidratasiya və sidiyin qələviləşdirilməsi vacibdir.

Allopurinol tabletlərinin tərkibində laktoza vardır. Qalaktozaya dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiya sindromu kimi nadir irsi xəstəlikləri olan xəstələrin preparatdan istifadə etməsi məsləhət deyildir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Başgicəllənmə və yuxusuzluğun meydana çıxma ehtimalı olduğundan, preparata fərdi reaksiyanı aydınlaşdırana qədər nəqliyyat vasitələrinin idarə olunmasından və digər mexanizmlərlə işləməkdən çəkinmək lazımdır.

Allopurinol tabletin digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Kumarin tipli antikoaqulyantlar –   varfarin və digər kumarinlərin effektinin güclənməsi mümkündür və buna görə də koaqulyasiyanın göstəricilərinə daha tez-tez nəzarət etmək, lazım gəldikdə isə antikoaqulyantların dozasını azaltmaq tələb oluna bilər.

Azatioprin, merkaptopurin – allopurinol ksantinoksidazanı tormozladığına görə purinin bu törəmələrinin metabolizmi uzanır, toksiklik artır, buna görə də adətən onların dozasını 50-75% (adi dozanın ¼-nə qədər) azaltmaq lazım gəlir.

Vidarabin (adenin arabinozid) – sonuncunun yarımparçalanma dövrünün uzanması, toksikliyinin yüksəlməsi  mümkündür. Buna görə də bu kombinasiyanı ehtiyatla istifadə etmək lazımdır.

Salisilatlar (böyük dozaları), urikozurik preparatlar (məsələn, sulfinpirazon, probenesid, benzbromaron) – allopurinolun əsas metaboliti olan oksipurinolun sürətlə xaric olması nəticəsində onun effektivliyinin azalması mümkündür. Həmçinin allopurinol probenesidin xaric olmasını ləngidir. Allopurinolun dozasını tənzimləmək lazımdır.

Xlorpropamid – böyrəklərin funksiyası pozulan hallarda uzunmüddətli hipoqlikemiya riski mümkündür, buna görə də xlorpropamidin dozasının azaldılması tələb oluna bilər.

Fenitoin – qaraciyərdə fenitoinin metabolizminin pozulması mümkündür; bunun klinik əhəmiyyəti məlum deyildir.

Teofillin, kofein – allopurinol yüksək dozalarda teofillin və kofeinin metabolizmini ləngidir. Allopurinolla müalicənin başlanğıcında və ya onun dozası artırılarkən qan plazmasında teofillinin konsentrasiyasına nəzarət etmək lazımdır.

Ampisillin, amoksisillin – allergik reaksiyaların, o cümlədən dəri səpkilərinin meydana çıxma riski yüksəlir. Buna görə də allopurinol qəbul edən xəstələr digər antibiotiklər qəbul etməlidirlər.

Siklosporin – qan plazmasında siklosporinin konsentrasiyasının artması mümkündür və buna görə də xüsusən nefrotoksiklik kimi əlavə təsirlərin inkişafı mümkündür.

Sitostatiklər – neoplastik xəstəlikləri olan xəstələrdə (leykemiyadan başqa) sümük iliyinin supressiya riski yüksəkdir, buna görə də qan göstəriciləri qısa zaman intervallarında yoxlanılmalıdır.

Didanozin – allopurinol qan plazmasında didanozinin konsentrasiyasını və uyğun olaraq toksikliyini yüksəldir. Buna görə də onların birgə istifadəsindən çəkinmək lazımdır.

Kapesitabin – kapesitabin törəmələrinin allopurinolla eyni vaxtda istifadəsindən çəkinmək lazımdır.

Diuretiklər, o cümlədən tiazid və onunla əlaqəli olan preparatlar – xüsusən böyrəklərin funksional çatışmazlığı olan xəstələrdə hiperhəssaslıq reaksiyalarının inkişafı mümkündür.

AÇF-inhibitorları, o cümlədən kaptopril – xüsusən böyrəklərin funksional çatışmazlığı olan xəstələrdə leykopeniya kimi hemotoksik reaksiyalar, hiperhəssaslıq reaksiyasının inkişafı mümkündür.

Antasidlər – allopurinolu alüminium-hidroksidin qəbuluna 3 saat qalmış qəbul etmək məsləhətdir.

Allopurinol tabletin istifadə qaydası və dozası

Yeməkdən sonra, çeynəmədən, çoxlu miqdarda su ilə daxilə qəbul edilir.

Böyüklərdə və 10 yaşdan yuxarı uşaqlarda: qan plazmasında sidik turşusunun səviyyəsindən asılı olaraq doza fərdi olaraq təyin edilir. Adətən gündəlik doza 100-300 mq/gün təşkil edir. Əlavə təsirlərin yaranması riskini azaltmaq üçün müalicəyə allopurinolun 100 mq dozasını gündə 1 dəfə qəbul etməklə başlamaq lazımdır.

Lazım olan hallarda başlanğıc doza maksimal effekt əldə olunana qədər hər 1-3 həftədən bir 100 mq artırılmalıdır. Dəstəkləyici doza adətən 200-600 mq/gün təşkil edir. Ayrı-ayrı hallarda dozanı 600-800 mq/gün-ə qədər artırmaq olar. Əgər gündəlik doza 300 mq-ı keçərsə, onu 2-4 bərabər hissələrə bölməklə qəbul etmək lazımdır.

Doza artırılarkən qan plazmasında oksipurinolun səviyyəsinə nəzarət etmək lazımdır. Onun konsentrasiyası 15 mkq/ml-i (100 mkmol) keçməməlidir.

Maksimal birdəfəlik doza 300 mq, maksimal gündəlik doza isə 800 mq təşkil edir.

3 yaşdan 6 yaşa qədər olan uşaqlarda: 5 mq/kq gündəlik dozada təyin edilir.

6 yaşdan 10 yaşa qədər olan uşaqlarda: 10 mq/kq gündəlik dozada təyin edilir. Preparat gündə 3 dəfəyə qəbul edilir və maksimal gündəlik doza 400 mq təşkil edir.

Böyrək çatışmazlığı zamanı

Müalicəni 100 mq gündəlik doza ilə başlamaq lazımdır və doza yalnız preparatın effektivliyi olmadıqda artırıla bilər. Doza seçilərkən kreatinin klirensinin göstəricisi nəzərə alınmalıdır.

Kreatinin klirensiAllopurinolun gündəlik dozası
20 ml/dəq-dən çoxStandart doza100-300 mq
10-20 ml/dəq100-200 mq
10 ml/dəq-dən azQəbullar arasındakı intervalı artırmaqla (xəstənin vəziyyətindən və böyrəklərin funksional vəziyyətin-dən asılı olaraq) 100 mq və daha artıq doza

Hemodializdə olan xəstələrdə hər hemodializ seansından sonra (həftədə 2-3 dəfə) 300-400 mq allopurinol qəbul etmək lazımdır.

Neoplastik və mieloproliferativ xəstəliklərin sitotoksik müalicəsi zamanı hiperurikemiyanın profilaktikası məqsədilə – allopurinol 400 mq/gün dozada təyin edilir. Preparat antiblastom müalicəyə başlamağa 2-3 gün qalmış və ya onunla eyni vaxtda qəbul edilir və spesifik müalicə sona çatdıqdan sonra bir neçə günə qədər davam etdirilir.

Optimal diurezi saxlamaq və uratların sidikdə həll olmasını artırmaq üçün sidiyi qələviləşdirmək məqsədilə adekvat hidratasiyanı təmin etmək vacibdir.

Müalicə müddəti əsas xəstəliyin gedişindən asılıdır.

Ahıl yaşlı xəstələrdə

Konkret məlumatlar olmayan hallarda minimal effektiv dozadan istifadə etmək lazımdır.

Qaraciyərin funksional pozğunluğu zamanı dozanı minimal effektiv səviyyəyə qədər azaltmaq lazımdır.

Allopurinol tabletin əlavə təsirləri

Allopurinolun ən geniş yayılmış əlavə təsiri dəri səpgiləridir. Böyrək və/və ya qaraciyər tərəfindən pozğunluqlar meydana çıxan zaman əlavə təsirlərin tezliyi artır.

Xəstəlikdən, alınan dozadan, eləcə də digər dərman maddələri ilə eyni vaxtda qəbul edilməsindən asılı olaraq əlavə təsirlər fərqlənə bilər.

Allopurinolla müalicənin başlanğıcında podaqra düyünlərindən sidik turşusunun mobilizasiyası ilə əlaqədar reaktiv podaqra tutmaları meydana çıxa bilər.

İmmun sistem

Tək-tək hallarda – hiperhəssaslıq reaksiyası, o cümlədən dəri reaksiyaları;

Çox nadir hallarda – limfadenopatiya, o cümlədən angioimmunoblast limfadenopatiya (adətən preparatın qəbulunun dayandırılması zamanı geriyə dönəndir); anafilaksiya, o cümlədən anafilaktik şok.

Tezliyi məlum olmayan – artralgiya.

Nadir hallarda ciddi generalizəolunmuş hiperhəssaslıq reaksiyası, o cümlədən eksfoliasiya, titrətmə, limfadenopatiya, artralgiya və / və ya eozinofiliya ilə assosiasiya olunan dəri reaksiyaları meydana çıxa bilər. Hiperhəssaslıq reaksiyası ilə assosiasiya olunan vaskulitlər və toxuma reaksiyaları müxtəlif təzahürə malik ola bilər, o cümlədən hepatitlər, böyrəklərin zədələnməsi (interstisial nefrit) və çox nadir hallarda qıcolmalar.

Dəri və dərialtı piy toxuması

Tez-tez – qaşınma, səpgilər, o cümlədən kəpəklənən, purpurşəkilli, makulopapulyoz səpgilər.

Nadir hallarda – eksfoliativ dermatit, Stivens-Conson sindromu, toksik epidermal nekroliz.

Çox nadir hallarda – alopesiya, angioödem, saçların rəngsizləşməsi, fiksəolunmuş dərman eriteması;

Tezliyi məlum olmayan – eozinofiliya ilə assosiasiya olunan dəri reaksiyaları, məxmərək səpgisi.

Dəri reaksiyaları ən geniş yayılmış reaksiyalardandır və müalicənin istənilən dövründə meydana çıxa bilər. Onların meydana çıxması zamanı allopurinolun qəbulu dərhal dayandırılmalıdır. Simptomlar azaldıqdan sonra preparat aşağı dozalarda (50 mq/gün) təyin edilə və lazım olan hallarda tədricən artırıla bilər. Təkrar dəri səpgiləri meydana çıxarsa, preparatın qəbulunu həmişəlik dayandırmaq lazımdır.

İnfeksiyalar və invaziyalar

Çox nadir hallarda – furunkulyoz.

Qan və limfa sistemi (xüsusən böyrək və/və ya qaraciyərin funksional pozğunluğu olan xəstələr)

Çox nadir hallarda – sümük iliyinin ağır zədələnməsi (trombositopeniya, aqranulositoz, aplastik anemiya);

Tezliyi məlum olmayan – leykopeniya, leykositoz, eozinofiliya, hemolitik anemiya, qanın laxtalanmasının pozulması. Allopurinolla müalicə ilə əlaqədar olan kəskin təmiz eritrositar aplaziya halları haqında məlumatlara rast gəlinir.

Metabolik pozğunluqlar

Çox nadir hallarda – şəkərli diabet, hiperlipidemiya.

Tezliyi məlum deyil – müalicənin əvvəlində reaktiv podaqra tutmaları mümkündür.

Psixi pozğunluqlar

Çox nadir hallarda – depressiya

Sinir sistemi

Çox nadir hallarda – ataksiya, koma, baş ağrıları, neyropatiya, qıcolmalar, periferik nevritlər, paresteziya, ifliclər, yuxululuq, dad hissinin təhrif olunması.

Görmə orqanları

Çox nadir hallarda – katarakta (xüsusən ahıl yaşlılarda uzun müddət yüksək dozada istifadə olunduqda), makulyar dəyişiklik, görmə pozğunluğu;

Eşitmə orqanları və vestibulyar aparat

Çox nadir hallarda – vertiqo.

Ürək-damar sistemi

Çox nadir hallarda – stenokardiya, bradikardiya, arterial hipertenziya;

Tezliyi məlum deyil – vaskulitlər.

Həzm traktı

Az hallarda – ürəkbulanma, qusma

Çox nadir hallarda – defekasiya ritminin pozulması, stomatit, steatoreya, hematomezis.

Hepatobiliar sistem

Tək-tək hallarda – qaraciyər sınaqlarının səviyyəsinin simptomsuz yüksəlməsi;

Az hallarda – hepatit, kəskin xolangit.

Sidik-ifrazat sistemi

Çox nadir hallarda – interstisial nefrit

Tezliyi məlum deyil – nefrolitiaz

Reproduktiv sistem və süd vəzilərində baş verən pozğunluqlar

Çox nadir hallarda – ginekomastiya, impotensiya, kişi sonsuzluğu;

Tezliyi məlum olmayan – gecə poliuriyası.

Ümumi pozğunluqlar

Çox nadir hallarda – asteniya, qızdırma, ümumi halsızlıq, ödemlər, miopatiya/mialgiya, toxumalarda, o cümlədən əzələlərdə ksantin çöküntüsü.

Qızdırma generalizəolunmuş hiperhəssaslıq reaksiyasının simptomları ilə və ya onsuz meydana çıxa bilər.

Doza həddinin aşılması

Simptomları: ürəkbulanma, qusma, ishal, başgicəllənmə, baş ağrıları, yuxululuq, abdominal ağrı. Ayrı-ayrı hallarda – böyrək çatışmazlığı, hepatit.

Müalicəsi: simptomatikdir. Dəstəkləyici tədbirlər görülür. Optimal diurezi saxlamaq məqsədilə adekvat hidratasiya allopurinolun və onun metabolitlərinin ekskresiyasına kömək edir. Lazım olan hallarda – hemodializ. Spesifik antidotu yoxdur.

Buraxılış forması

10 tablet, blisterdə.  5 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yuxarı olmayan temperaturda, orijinal qutuda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır,

Yararlılıq müddəti

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.